ÜMUMİ İSTİFADƏLİ ÇALIŞMA MƏRKƏZİNƏ ÜZVLÜK MÜQAVİLƏSİ ÜZRƏ XİDMƏTLƏR HAQQININ “ONLAYN” ÖDƏNİLMƏSİNƏ DAİR ŞƏRTLƏR VƏ MÜDDƏALAR

Bu Şərt və Müddəalar (“Qaydalar”) Azərbaycan Rеspublikasının qanunvеriciliyinə əsasən təsis еdilmiş hüquqi şəxs, vеrgi ödəyicisinin еyniləşdirmə nömrəsi 1700942011 оlan, “Workplace İnteriors” MMC (“Şirkət”) ilə Üzv arasında “Ümumi İstifadəli Çalışma Mərkəzinə Üzvlük Müqaviləsi” (“Üzvlük Müqaviləsi”) üzrə Xidmətlərdən istifadəyə görə xidmət haqqının “onlayn” (eletron vasitələrin istifadəsi ilə) ödənilməsi üzrə hüquq, öhdəlik və münasibətləri tənzimləyir.

Bu Qaydalar ilə nəzərdə tutulan şərt və müddəalara əlavə olaraq və onlara xələl gətirmədən, Üzv həmçinin Xidmətləri əldə etməsi və onlardan istifadə edilməsi ilə bağlı Şirkətin (aşağıda göstərildiyi kimi) vaxtaşırı olaraq təqdim edə biləcəyi hər hansı digər təlimatlara və müəyyən edə biləcəyi şərt və qaydalara riayət etməlidir.

1.         TƏRİFLƏR

1.1.      Bu Qaydaların mətnində, digər tərif verilmədikdə, baş hərflərlə verilmiş anlayışlar aşağıda müəyyən edilən mənanı daşıyır:

“Elektron Vasitələr”

Kompüter, ağıllı mobil telefon, ağıllı televiziya, kiosk və ya bunlarla məhdudlaşdırılmamaqla, “onlayn” ödənişin aparılması məqsədi ilə istifadə edilə bilən hər hansı texnoloji vasitələr deməkdir;

“Hakimiyyət Orqanı”

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və inzibati orqanları, müəssisələri, ədliyyə və məhkəmə orqanları və təşkilatları, həmçinin onların inzibati-ərazi və ya yerli bölmələri deməkdir;

“Xidmətlər”

Şirkət ilə Üzv arasında “Ümumi İstifadəli Çalışma Mərkəzinə Üzvlük Müqavilə”si üzrə təqdim edilən xidmətlər deməkdir;

“Şirkətin saytı”

www.colab.az ünvanı üzrə İnternet qlobal kompüter şəbəkəsində yerləşən Şirkətin rəsmi saytı deməkdir;

“Üzv”

Üzvlük Müqaviləsinə əsasən Xidmətlərdən istifadə edən şəxs deməkdir;

“Üzvlük Haqqı”

Üzvlük Müqaviləsinə əsasən müəyyən edilmiş, Şirkətə Xidmətlər müqabilində ödənilən haqq deməkdir;

“Üzvlük Portalı”

Şirkətin saytı və ya proqram təminatı vasitəsilə Elektron Vasitələrdən istifadə etməklə Üzvlük Müqaviləsinə əsasən üzvlük paketinə nəzarəti və üzvlük ilə bağlı bir sıra əməliyyatların həyata keçirilə biləcəyi internet məkanı (www.customer.colab.az) deməkdir.

2.         Ümumİ müddəalar

2.1.     Bu Qaydalar Üzvlük Müqaviləsinə əsasən və ona istinadən tərtib edilmişdir. Üzvlük Müqaviləsi ilə bu Qaydalar arasında hər hansı uyğunsuzluq və ya ziddiyyət olarsa, üstünlük Üzvlük Müqaviləsinin müddəalarına verilir. Üzvlük Müqaviləsinə əsasən Şirkət tərəfindən hər hansı Xidmətlərin Üzvə təqdim edilməsi ilə bağlı olan münasibətlər Üzvlük Müqaviləsi ilə tənzimlənir.

2.2.     Üzvlük Haqqının ödənilməsi Elektron Vasitələr ilə Üzvlük Portalından və mobil proqram təminatı əlavəsi (“mobile application”) üzərindən həyata keçirilə bilər.

2.3.     Şirkət Üzvlük Haqqının bu Qaydalara uyğun ödənilməsi üçün istifadə edilən və bunlara aid olan məlumat, yazılar və verilənlərdən məhkəmədə, dövlət, ictimai və özəl qurumlarında sübut kimi istifadə edilə bilər.

3.         ÜZVLÜK HAQQI

3.1.      Üzvlük Müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, Üzvlük Haqqı Üzv tərəfindən üzvlüyün başlandığı günədək (əvvəlcədən) tam şəkildə (hissələr ilə deyil) ödənilməlidir.

3.2.      Üzvlük Müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, üzvlük Üzvlük Haqqı ödənildikdən sonra 48 saat ərzində ləğv edilmişdirsə və üzvlük müddəti hələ başlamayıbsa, Üzvün yazılı (elektron) müraciətinə əsasən, Üzvlük haqqı 5 (beş) iş günü ərzində geri qaytarılır.

3.3.   Üzvlük Haqqı üzrə ödəniş həyata keçirildikdən və Şirkətin hesabına daxil olduqdan sonra, Şirkətin seçiminə əsasən, Şirkət tərəfindən Üzvə Üzvlük Haqqının ödənilməsi ilə bağlı elektron poçt ünvanına göndərilən məktub və ya Üzvlük Portalında Üzvə təqdim edilən bildiriş vasitəsi ilə məlumat təqdim edilir.

3.4.   Üzvlük Haqqı üzrə bütün ödənişlər aşağıda sadalanan plastik kartların birindən istifadə etməklə həyata keçirilməlidir: VISA, VISA Electron, Mastercard, Maestro.

4.         TƏHÜLKƏSİZLİK QAYDALARI

4.1.      Üzvlük Portalından istifadə məqsədi ilə qeydiyyatda keçərkən Üzvə təqdim edilən istifadəçi adı, şifrə və parolu Üzv hər zaman tam məxfi saxlamalı və heç kəsə öz parollarını (şifrələrini) açıqlamamalıdır. Əgər Üzv öz istifadəçi adı, parolunun (şifrəsinin) kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, Üzv dərhal Şirkətə bu barədə məlumat verməli və dərhal parolunu (şifrəsini) dəyişməlidir. Üzvlük parolları (şifrələri) özünəməxsus və digər şəxslər tərəfindən asanlıqla tapıla və ehtimal edilə bilməyən və ya əldə oluna bilməyən olmalıdır.

4.2.      Üzvlük Portalı ilə əlaqədar istifadələr üçün Üzvə məxsus məlumatların təhlükəsizliyi Üzvün normal təhlükəsiz istifadə qaydalarına riayət etməsindən asılıdır və Üzv ona məxsus məlumatların təhlükəsizliyinin qorunmasına məsuldur. Üzv razılaşır ki, Üzvlük Haqqının ödənilməsi zamanı hər hansı məxfi məlumatın kimsəyə açıqlanmamasının təmin olunması üçün bütün lazımı tədbirlər görür. Buraya o cümlədən aşağıdakılar daxildir: digər insanlar Üzvün kompyuter ekranını və ya klaviaturanı görməməli, Üzvün müvafiq zənğ və danışıqlarını eşitməməlidir.

4.3.     Üzv Üzvlük Haqqının ödənilməsi ilə əlaqədar Şirkətin tələb edə biləcəyi istənilən əlavə təhlükəsizlik tələblərinə riayət etməyə borcludur.

5.         Tərəflərİn öhdəlİk və hüquqlarI

5.1.     Şirkət aşağıdakı hüquqlara malikdir:

5.1.1.   Üzvə məxsus şəxsi məlumatların işlənməsini həyata keçirmək və həmçinin Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun olaraq, bu Qaydaların məqsədlərinə münasibətdə şəxsi məlumatlarının işlənməsi üçün üçüncü şəxsləri cəlb etmək;

5.1.2.   Üzvü əvvəlcədən xəbərdar etməklə, Qaydaları dərhal ləğv etmək və ya onların qüvvəsini müvəqqəti dayandırmaq. Şirkət Qaydaların ləğvi və ya onların qüvvəsinin müvəqqəti dayandırılması nəticəsində, o cümlədən Xidmətlərin istifadəsinin mümkünsüz olması ilə əlaqədar, yarana bilən hər hansı itki və ziyan görə Üzv qarşısında hər hansı məsuliyyət daşımır;

5.1.3.   Üzvün Üzvlük Haqqına görə ödəniş məbləğlərini Üzvün hesabından akseptsiz qaydaya silmək;

5.1.4.   Üzvə əvvəlcədən xəbərdarlıq etmədən Üzvlük Haqqının “onlayn” ödənilməsini aşağıdakı hallarda dayandırmaq (bloklaşdırmaq):

a)    Qaydaların müddəaları Üzv tərəfindən pozulduqda, sözügedən pozuntular və onun fəsadları Üzv tərəfindən aradan qaldırılanadək;

b)    Üzvlük portalında texniki nasazlıqlar yarandıqda, onlar və fəsadları aradan qaldırılmasınadək;

c)     Üzvlük Portalında Şirkətın istifadə etdiyi avadanlığın və (yaxud) proqram təminatını dəyişdirmək, texniki xidmət üçün və s. zamanı – onun dəyişdirilməsi, xidmət və s. üçün tələb olunan müddətdə;

d)    Üzvlük Portalının məxfiliyi pozulduğu halda, müvafiq pozuntu və onun fəsadları aradan qaldırılana qədər;

e)    Üzvlük Portalına Üzv və ya Üzvün səlahiyyətli nümayəndəsi olmayan şəxs tərəfindən daxil olunmasına və (yaxud) istifadə edilməsinə şübhə yarandığı təqdirdə, bu hallara Şirkəti qane edən dərəcədə aydınlıq gətirilənədək;

bu şərtlə ki, Şirkət bu hallarda, o cümlədən Xidmətlərin istifadəsinin mümkünsüz olması ilə əlaqədar, yarana bilən hər hansı itki və ziyan görə Üzv qarşısında hər hansı məsuliyyət daşımır.

6.         Tərəflərİn məsulİyyətİ

6.1.     Qaydalar üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi və (yaxud) lazımınca yerinə yetirilməməsi üçün Tərəflər Tətbiq Edilən Qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti daşıyır.

6.2.     Şirkət yalnız özünün qəsdən etdiyi hərəkətlər nəticəsində Üzvün məruz qaldığı itki və ya zərərlər üçün məsuliyyət daşıyır, bu şərtlə ki, Şirkət heç bir halda hər hansı dolayı zərər və ya itkilər, o cümlədən əldən çıxmış gəlir və ya mənfəət üçün məsuliyyət daşımır.

6.3.     Şirkət aşağıdakı hallara görə heç bir məsuliyyət və ya öhdəlik daşımır:

6.3.1.     Üzvlük Haqqının ödənilməsinin Şirkətdən asılı olmayan səbəblərdən ləngiməsinə və nəticə etibarı ilə Üzvün Xidmətlərdən istifadə hüququnun qüvvəyə minməməsinə görə;

6.3.2.     Üzv tərəfindən Üzvlük Portalından istifadə və / yaxud Üzvlük Haqqının ödənilməsi ilə əlaqədar hər hansı parametrlər düzgün quraşdırılmadıqda, əmələ gələn problemlər və ya əngəllər olduqda və yaxud onun istifadə etdiyi kompüter və ya rabitə avadanlıqlarının təhlükəsizlik sistemlərinin sıradan çıxmasına görə yaranan problemlərə (sistemə müdaxilələrə və s.) görə;

6.3.3.     İnternet şəbəkəsinə girişi təmin edən operatorlar və təşkilatlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə, habelə Üzvün istifadə etdiyi avadanlıqda zərərverici proqramların işi nəticəsində Üzvün məxfi məlumatının oğurlanması, zədələnməsi yaxud itirilməsinə, eləcə də bundan irəli gələn hər hansı nəticəyə görə;

6.3.4.     Üzvün istifadə etdiyi avadanlığın xüsusiyyətləri ilə bağlı olan səbəblərdən Üzvün Üzvlük Haqqını ödəmək imkanının olmamasına görə;

6.3.5.     Məlumatların məxfiliyinin qorunmasına, səlahiyyəti olmayan heç bir əməkdaşına açıqlanmamasına, həmçinin belə məlumatların qorunmasının və məxfiliyinin təmin edilməsi üzrə tələblərə Üzv tərəfindən riayət edilməməsi nəticəsində ona dəyə biləcək hər hansı zərərə görə;

6.3.6.     Üzvün özünün qərəzli, ehtiyatsız və ya etinasız hərəkətləri (hərəkətsizliyi) nəticəsində üçüncü şəxslərin Şirkətin Üzvə təqdim etdiyi Üzvlük portalına səlahiyyət olmadan girişinə və ondan istifadəsinə, habelə belə səlahiyyətsiz girişin və ya istifadənin səbəb olduğu nəticələrə görə;

6.3.7.     Üzvün Şirkətə yazılı, şifahi, internet və (yaxud) elektron sistemlər vasitəsilə verdiyi məlumatların dolğun və düzgün olmasına, belə olmadığı halda isə yarana biləcək zərərlərə görə;

6.3.8.     Həyata keçirilən əməliyyatların Tətbiq Edilən Qanunvericiliyə uyğun olaraq tərtib edilməsinə, əməliyyatların təhlükəsizlik vasitələrindən istifadə etməklə müvafiq qaydada təsdiq edilməsinə, habelə Üzv tərəfindən Üzvlük Portalına daxil edilən məlumatların dürüstlüyünə və tamlığına görə.

7.         Fors-major

7.1.      Şirkət Tərəflərin əvvəlcədən görə bilmədikləri və görülən tədbirlərlə təsir etmək iqtidarında olmadıqları hadisələr nəticəsində qarşısıalınmaz qüvvə şəraiti yarandıqda və bu səbəbdən “onlayn” ödənişlər imkanı qismən və ya tamamilə təxirə salındıqda və ya mümkün olmadıqda, Şirkət həmin qarşısıalınmaz qüvvə şəraitinin davam etdiyi müddət ərzində Üzvə dəyə bilən hər hansı ziyan və ya zərər üçün bütün məsuliyyətdən azad edilir.

7.2.      Qarşısıalınmaz qüvvə hallarına o hadisələr aiddir ki, Tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımır, məsələn, zəlzələ, daşqın, yanğın habelə tətil, Hakimiyyət Orqanlarının qərarları, hərbi əməliyyatlar, terror aktları, o cümlədən İnternet və (yaxud) mobil telefon şəkəbəsinin işində fasilələr və s.

8.         Tətbiq Edilən Qanunverİcİlİk. Mübahİsələrİn həll edİlməsİ qaydasI

8.1.     Qaydalar üzrə müəyyən edilməyən bütün digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənzimlənir.

8.2.     Qaydalar ilə əlaqədar və ondan irəli gələn hər hansı mübahisə Tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir.

8.3.     Mübahisə barəsində yazılı bildiriş verildikdən sonra 30 (otuz) gün ərzində müvafiq mübahisənin danışıqlar yolu ilə həlli mümkün olmadıqda, Tərəflər arasındakı həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunmalıdır.

9.         QAYDALARIN DİLİ

9.1.      Bu Qaydalar Azərbaycan, İngilis və Rus dillərində tərtib edilir. Müxtəlif dillərdə olan mətnlər arasında uyğunsuzluq olduğu təqdirdə, Azərbaycan dilində olan mətnə üstünlük verilir.

10.      DİGƏR ŞƏRTLƏR

10.1.   Əgər Qaydaların hər hansı bir və ya bir neçə müddəası qüvvədən düşmüş və ya qanunsuz hesab olunarsa və ya hər hansı səbəbdən icra oluna bilməzsə, bu hal Qaydaların digər müddəalarının qanuniliyinə və hüquqi qüvvəsinə heç bir tərzdə təsir etmir və ya xələl gətirmir.

10.2.   “Onlayn” Üzvlük Haqqı ödənişi ilə əlaqədar şikayət və təkliflərinizi Şirkətin Neftçilər 151 ünvanında yerləşən Dəstək Komandasına şəxsən müraciət etməklə və ya welcome@colab.az elektron poçt ünvanına sorğu göndərmək və yaxud +99450 2780072 əlaqə nömrəsinə zəng vurmaqla təqdim edə bilərsiz.